23 Eylül 2010 Perşembe

ALLAH QORXUSU (Bəqərə Surəsi)

Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun! (Bəqərə surəsi, 40 )

Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun! (Bəqərə surəsi, 41 )

Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir! (Bəqərə surəsi, 74 )

Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız. (Bəqərə surəsi, 150)

Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin).Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. (Bəqərə surəsi, 194)

Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir. (Bəqərə surəsi, 196)

Həcc (mövsümü) məlum olan aylardır. (Həmin aylarda) həcc ziyarəti vacib olan şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun! (Bəqərə surəsi, 197)

Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç bir günah tutulmaz. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin! (Bəqərə surəsi, 203)

Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (Bəqərə surəsi, 212)

(Ey möminlər!) Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver! (Bəqərə surəsi, 223)

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın! (Bəqərə surəsi, 231)

Analar uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir! (Bəqərə surəsi, 233)








Hiç yorum yok:

Yorum Gönder