Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə surəsi, 8)
Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, bir tayfa sizə əl qaldırmaq niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər! (Maidə surəsi, 11)
Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız! (Maidə surəsi, 35)
Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə surəsi, 44)
Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun! (Maidə surəsi, 57)
Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun! (Maidə surəsi, 88)
Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun! (Maidə surəsi, 96)
Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz! (Maidə surəsi, 108)
Hiç yorum yok:
Yorum Gönder